Azərbaycanla Qırğızıstan arasında işgüzar əlaqələr və etibarlı münasibətlər qurulub. Hər iki ölkə bu il də münasibətləri inkişaf etdirmək fikrindədir. Bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov deyib.
A.Buranov qeyd edib ki, Azərbaycan-Qırğızıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir: «2012-ci ilin martında Qırğızıstan prezidentinin Azərbaycana rəsmi səfəri baş tutub. 2013-cü ilin avqustunda da Qırğızıstan prezidenti Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Azərbaycanda səfər olub. Bizim münasibətlərimiz yüksək səviyyədədir. Bundan əlavə, iqtisadi və elmi-texniki əməkdaşlıq sahəsində Dövlətlərarası Komissiyasının iclasının keçirilməsi gözlənilir. Biz həm də Qırğızıstanda və Azərbaycanda müxtəlif biznes-forumların keçirilməsini planlaşdırırıq».