Lukaşenko: “Belarus Avropa Birliyi ilə münasibətləri normallaşdırmaq üçün istənilən addımı atmağa hazırdır”

print

“Belarus Avropa Birliyi ilə münasibətləri normallaşdırmaq üçün istənilən addımı atmağa hazırdır”

ÜAK-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Fransa, İspaniya və Niderland səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması sahəsində Belarusa irad bildirmək doğru deyil: “Eyni zamanda AB-nin də Belarusla münasibətləri normallaşdırmaqda maraqlı olduğunu görürəm. Biz tərəfdən heç bir maneə yoxdur. Hazırda top AB-nin meydanındadır. Sıx məskunlaşmış Avropa qitəsi üçün bizim çoxlu təhlükələrimiz var. Gəlin, bu təhlükələrə birgə sinə gərmək barədə düşünək. Bu, həm sizin, həm də bizim marağımızdadır. Bir-birimizdən uzağa qaça bilmərik, mehriban qonşuluq şəraitində yaşamağa məhkumuq”.

Qeyd edək ki, Belarusla AB-nin münasibətlərində son illər gərginlik müşahidə olunur. AB münasibətlərin normallaşması üçün bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir, rəsmi Minsk isə ölkədə siyasi məhbus olmadığını bəyan edir.