Афоризмы
22
09.2014

Azərbaycanlı uşaqların Rusiyadakı uğurları

S dnem rojdeniy Nariman

Bakı şəhərindən istedadlı uşaqların Çelyabinskə getməsi yerli əhali üçün unikal hadisə olub 

Uşaqların mənəvi inkişafında və zənginləşməsində musiqinin xüsusi rolu var. Rusiyanın Çelyabinsk şəhərində fəaliyyət göstərən “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi də azərbaycanlı uşaqların bu istiqamətdə inkişafını diqqətdə saxlayır. Mərkəzin sədri Rafael Quliyev bildirib ki, əsas məqsədlərindən biri də Rusiyada yaşayan azərbaycanlı ailələrdə böyüməkdə olan yeni nəslin ana dilimizi, tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək göstərməkdir.

Mərkəz, Çelyabinsk Vilayəti Xalqları Assambleyası ilə birlikdə məktəblərdə beynəlmiləlçilik tərbiyəsi sahəsində iş aparılmasına da yardım edir. Mədəniyyət Mərkəzi eyni zamanda uşaq müəssisələrinə, xeyriyyə fondlarına, Böyük Vətən müharibəsi veteranlarına müntəzəm maddi yardım göstərir. Həmçinin bələdiyyə müəssisələrinə, ictimai qurumlara sponsor yardımı, azərbaycanlı idmançıların iştirakı ilə yarışların təşkili, şəhər rəhbərliyi ilə birlikdə məktəblilər arasında rüblük “Kim? Harada? Necə?” bilik yarışmasının keçirilməsi və s. işlər bu qəbildəndir.

Bu günlərdə uşaqların mənəvi inkişafı istiqamətində “Ozan” tərəfindən növbəti addım atılıb. Belə ki, “Ozan”ın, Çelyabinsk Şəhər Administrasiyasının Mədəniyyət idarəsinin, Bakı şəhəri Turizm və Mədəniyyət İdarəsinin və Ümumrusiya Azərbaycan Konqresinin Çelyabinsk vilayəti regional bölməsinin təşkilatçılığı ilə “Dostluğun ipək yolu: mədəniyyətlərin dialoqu” maarifləndirici layihə çərçivəsində Bakıdan Çelyabinsk şəhərinə gənc virtuozlar gediblər. Bir həftə ərzində çelyabinsklilər Bakıdan olan qeyri-adi istedadlı, füsunkar nümayəndə heyəti ilə tanış ola biliblər. “Olduqca təvazökar, xeyirxah, həssas, istedadlı uşaqlardır”,- deyə bu sözləri Çelyabinsk Şəhər Administrasiyasının Mədəniyyət İdarəsinin baş mütəxəssisi Morozova Qalina İvanovna bildirib.

Çelyabinsk şəhəri sakinləri Azərbaycan musiqi mədəniyyətinin ən yaxşı nümayəndələri olan, Prezident təqaüdçüləri, eləcə də respublika və beynəlxalq müsabiqələrin qalibləri olan Orxan Hüseynov (violençel), Jalə Mailova (fortepiano), Arzu Abbasova (bəstəkar), Nəriman Əmiraslanov (fortepiano), Süleyman Eyyubov (skripka), Lalə İbrahimova (vokal), Şükür Ömərli (kamança), Emil Əhmədzadə (fortepiano) və Xeyri Məmmədli (tar) ilə tanış olublar.

Günəşli Bakıdan olan qonaqları qarşılayan Cənubi Uralın soyuq və yağışlı havasına baxmayaraq göstərilən qəbul və qayğı səmimi və mehriban istilik yaradıb.

“Azərbaycandan bizə uşaqlar gəldiyini biləndə, əlbəttə, sevindik”
Bakı şəhərindən istedadlı uşaqların nümayəndə heyətinin Çelyabinskiyə getməsi yerli əhalisi üçün unikal hadisə olub. Qeyd edək ki, bu əməkdaşlığın təməli 2011-ci ildə qoyulub. Belə ki, Çelyabinsk şəhəri musiqi məktəblərinin uşaqları “Odlar Yurdu”nun paytaxtı Bakı şəhərinə gəlmişdi. Çelyabinsk şəhərinin 8 saylı uşaq incəsənət məktəbinin direktor müavini, Rusiya Federasiyasının Əməkdar işçisi Larisa İvanovna Şilyagina qeyd edib ki, uşaqlar gələndə onlara həsəd aparıblar: “Onlar sevinc içində idilər, çoxlu təəssüratları var idi. Biz isə onları diqqətlə dinləyirdik, onları necə qarşılayıblar, necə qəbul ediblər, orada necə musiqiçilər var və s. Biləndə ki, Azərbaycandan bizə uşaqlar gəlir, əlbəttə ki, biz sevindik və arzuladıq ki, onlar Çelyabinskin musiqi məktəblərini ziyarət etsinlər. Nəinki iki ölkənin — Azərbaycan və Rusiyanın musiqi mədəniyyətlərinin mübadiləsi baş verdi, səmimi qəlblərin, hərəkətlərin mübadiləsi oldu. Ona görə ki, Azərbaycan uşaqları çelyabinskli uşaqların çıxışlarını və rus xalq musiqisini çox səmimi qəbul edirdilər, Cənubi Ural uşaqları isə gənc azərbaycanlı musiqiçilərin virtuoz çıxışlarını çox sevinclə qəbul edirdilər. Məktəb salonlarında qeyri-adi atmosfer hökm sürürdü. Bu, təkcə musiqi mədəniyyətinin mübadiləsi deyil, həmçinin qəlblərin, ürəklərin görüşü idi”.

Görüş zamanı Bakıdan olan gənc istedadlar Çelyabinsk şəhərinin 1, 3, 5, 8,12 saylı uşaq incəsənət məktəblərində olublar. Onları əziz qonaqlar kimi duz-çörəklə, parlaq milli kostyumlarda və rus mahnıları ilə qarşılayıblar. Birgə konsertlər çərçivəsində səhnəyə incəsənət uşaq məktəblərinin şagirdləri çıxıblar. Burada Rusiya Federasiyasının Əməkdar artisti Adik Əbdürrəhmanovun rəhbərliyi altında olan ”Gənc klassika” uşaq kamera orkestri, rus xalq alətləri orkestri, xanımlar orkestri, gənc violençelçilər, pianoçular, vokalistlər və rəqqaslar iştirak ediblər. Çelyabinsk şəhəri incəsənət məktəblərinin uşaqları qonaqları nəinki rus mədəniyyəti ilə tanış ediblər, onlar hətta Azərbaycan bəstəkarlarının musiqi əsərlərini ifa ediblər.
Buna cavab olaraq Bakı şəhərindən olan nümayəndə heyətindən də unudulmaz təəssüratlar olub. Violençeldə Orxan Hüseynovun ifasında A. Dvorjakın “Melodiyası” tamaşaçılarda göz yaşları doğurub, Ömərli Şükürün kamançada ifasından sonra isə zaldan “öyrət” səsləri eşidilib. Bütün konsertlərdə müəllim və şagirdlər atəşin milli və xarici melodiyaların ifası zamanı gənc virtuozların sayrışan cəld barmaqlarını müşahidə ediblər.

“Həmfikirlik və birgə yaradıcılıq atmosferi nə qonağı, nə də ev sahibini buraxmayıb”
Konsertlərdən sonra uşaqlar çelyabinskli uşaqlarla birgə fəsəli ilə çay içiblər, tanış mahnılar oxuyublar, Azərbaycan ritmik musiqisinin sədaları altında isə ayaqlar özləri rəqs etməyə başlayıblar. Həmfikirlik və birgə yaradıcılıq atmosferi nə qonağı, nə də ev sahibini buraxmayıb.

Qonaqlar Mailova Jalə və Əmiraslanov Nəriman üçün xoş təsadüf, (onların ad günləri imiş) urallılar tərəfindən təbriklər olub. Onun üçün alqışlar altında ənənəvi rus “karavayı” çalıblar və ural daşından hazırlanmış Qlobus suvenirini veriblər. “Bu mənim üçün ən yadda qalan və qeyri-adi bir ad günü oldu”, — deyə Nəriman Əmiraslanov bildirib.

Bir həftəlik görüş zamanı Bakı nümayəndə heyətini dolğun proqram gözləyirdi. Çelyabinsk şəhərindəki incəsənət məktəblərini ziyarətdən başqa onlar Çelyabinskin diqqətəlayiq yerlərinə baxıblar, “Şəhər üzərində Günbəzlər” ekskursiyalarına gediblər və burada Uralda yaşayan müxtəlif xalqların ənənələri və dini əsasları ilə tanış olublar, eləcə də ölkəşünaslıq muzeyinə baş çəkiblər və orada Çelyabinsk vilayətinin zəngin tarixi haqqında maraqlı faktlar öyrəniblər və məşhur Çelyabinsk meteoritini görüblər.

Çelyabinskin İncəsənət və Mədəniyyət Dövlət Akademiyasında olarkən uşaqlar böyük tarixi və mədəni qiymətə malik nadir kitab toplusu və sənədləri olan kitab muzeyinə baş çəkiblər. Uşaqlar xoreoqrafiya, teatral və tətbiqi fakültələrin tələbələrinin dərslərində iştirak ediblər. Cavid Xudaverdiyevin ustalığı və istedadı Cənubi Uralın gələcək rəssamlarını məftun edib. Cavidin bir neçə işlərini görərkən, onlar heyran olublar, öz hisslərini gizlədə bilməyiblər.

Çelyabinsk İncəsənət və Mədəniyyət Dövlət Akademiyası ilə gələcəkdə maarifləndirici əməkdaşlıq perspektivləri haqqında ÇQAKİ-nin prorektoru, Bakı Turizm və Mədəniyyət İdarəsinin nümayəndəsi Həsənova Təranə və Bakı Milli Konservatoriyasının nümayəndəsi Svetlana Əhmədova, Bakı şəhər musiqi məktəbləri şöbələrinin müdirləri Təranə Məmmədzadə və Vaqif Məmmədov müzakirə ediblər. Eyni zamanda görüş zamanı, onlar incəsənət sahəsində peşəkar təhsil sistemi haqqında məlumatlarla bölüşüblər.

Bakıdan olan gənc virtuozlar həmçinin Prokofyev adına konsert zalında çıxış ediblər. İndi, cənubi urallılar böyük hərflərlə yazılan gənc artistləri (hansılar haqqındakı ancaq eşitmişdilər) canlı dinləməyə müəssər olublar və onların istedadlarını dərk ediblər. Musiqi nömrələrinin ifaları zamanı hətta ən tələbkar tamaşaçıların belə, tükləri biz-biz olub.

İki ölkə uşaqlarının mənəvi inkişafına xidmət edən tədbirlər davam edir 
Çelyabinsk şəhərinin Mədəniyyət İdarəsinin rəisi Dmitri Nazarov vaxt tapıb Çelyabinsk şəhərinə gəliş üçün və onlara bəxş olunan bu cür atmosfer üçün Bakı nümayəndə heyətinə təşəkkür edib: “Sizin uşaqların çıxışları silinməz təəssüratlar qoydu. Biz bu çıxışları çox yüksək qiymətləndiririk. Belə mənəviyyata və istedada malik azərbaycanlı uşaqları dinləmək bizə çox xoşdur. Bütün yol boyu hökm sürən qarşılıqlı anlaşma və yaradıcılıq atmosferi Çelyabinsk şəhərinin və Bakı şəhəri musiqi məktəblərinin uşaqlarını birləşdirib. Sizə yaradıcılıq müvəffəqiyyətləri, can sağlığı, səbir və yaradıcı əmək arzu edirəm və demək istəyirəm ki, “Gələn görüşlərədək”.

Cavab olaraq “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafael Quliyev adından təşkilatın gənclər şöbəsinin rəhbəri İlkin Musayev Çelyabinsk şəhəri Mədəniyyət İdarəsinin ünvanına və Bakı Turizm İdarəsinin ünvanına təşəkkür sözləri söyləyib.

Çelyabinsk şəhər Mədəniyyət İdarəsi və “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi adından iştirakçılara diplom və hədiyyələrlə təqdim olunub. Öz növbəsində Cavid Xudaverdiyevin rəsmlərində və “Odlar Diyarı” suvenirlərində günəşli Bakının zərrəciklərini qonaqlar öz cənubi urallı dostlarına — Çelyabinsk şəhər Mədəniyyət İdarəsi nümayəndələrinə, incəsənət məktəblərinin direktorlarına və “Ozan”a bəxş ediblər. Gələcək əməkdaşlıq imkanları açmaq üçün “Dostluq ipək yolu: mədəniyyətlər dialoqu” layihəsinin davam edəcəyi bildirilib.

Xatırladaq ki, “Dostluq ipək yolu: mədəniyyətlər dialoqu” layihəsinin başlanğıcı 2010-cu ildə Çelyabinsk vilayətinin mədəniyyət naziri Aleksey Betextin və Bakı Turizm Mədəniyyət İdarəsinin rəisi Əlikram Əliyev arasında “Mədəniyyət əməkdaşlığı memorandum” unun imzalanmasına gətirib çıxarıb. Bu sənəd Çelyabinsk vilayəti və Azərbaycan xalqlarının dostluq dekadası çərçivəsində imzalanıb.

Bu vaxt ərzində, Çelyabinsk şəhəri musiqi məktəblərinin istedadlı musiqiçiləri, “Çelyabinsk vilayəti və Azərbaycan xalqlarının dostluq dekadaları” , “Rusiya — Azərbaycan: dostluq qanadlarında” adlanan gənc yaradıcılıq və Çelyabinsk vilayəti festivalı uşaq müsabiqəsinin qalibləri Azərbaycanı ziyarət edib və birgə konsertlərlə çıxış ediblər, Çelyabinskdə isə “Dağlıq Qarabağ”, “Müharibənin uzaq sədası” və “Dostluq ipək yolu” fotosərgiləri keçirilib. Bütün bu tədbirlər iki ölkə uşaqlarının mənəvi inkişafı və mənəvi bağlılığına xidmət edir.

Fuad Hüseynzadə

Независимая общественно-политическая газета «Palitra»  от 22.09.2014

http://palitranews.az/news.php?id=27459

2123