Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, bayram günlərində ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Bu günlərində bir qədər küləkli hava şəraiti müşahidə olunacaq.
Martın 17-dən 18-nə keçən gecə şimal küləyinin qısa müddətə güclənməsi gözlənilir və nəticədə martın 18-də havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enəcək. Paytaxda havanın temperaturu 10-12 dərəcədən yuxarı olmayacaq.
Martın 19-da, 20-də və 21-də isə tez-tez bir-birini əvəz edən şimal və cənub küləkləri əsəcək, arabir güclənəcək. Martın 19-dan 22-dək havanın temperaturu günü-gündən mülayimləşəcək və bir qədər yüksələcək.
U.Tağıyeva qeyd edib ki, bayrama kimi hava proqnozu barədə proqnozlar yenilənəcək və dəqiqləşmələr ictimaiyyətə yenidən təqdim olunacaq: “Hansısa dəyişiklik olsa bu barədə növbəti proqnozlarda əks olunacaq”.