Афоризмы
8
09.2015

Azərbaycanın gömrük xidmətinin RİLO-Moskva ilə əməkdaşlığı ilbəil genişlənir

Azərbaycanın gömrük xidmətinin RİLO-Moskva ilə əməkdaşlığı ilbəil genişlənir

Sentyabrın 8-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) MDB ölkələri üzrə hüquq mühafizə fəaliyyətinə dair RILO-Moskva Regional Məlumat Əlaqələndirmə Qovşağının iştirakçı ölkələrinin gömrük xidmətlərinin milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində təşkil olunan iclasda Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Tacikistanın gömrük orqanlarının əməkdaşları, eləcə də RILO-Seul, RILO-Ər-Riyad, RILO-Varşava və RILO-Kölnün məsul nümayəndələri iştirak edir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev iclas iştirakçılarının nəzərinə çatdırdı ki, respublikanın gömrük xidmətinin RİLO-Moskva ilə hüquqi, gömrük qanun pozuntularına qarşı mübarizə, eləcə də, təcrübə və informasiya mübadiləsi sahəsində əməkdaşlığı ilbəil genişlənir.

Gömrük qanunlarının pozulması və qaçaqmalçılıqla mübarizə istiqamətində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayan Ə.Abdullayev dedi ki, yalnız qarşılıqlı əlaqələrin gücləndirilməsi, ümumi yanaşma və uğurlu strategiya sayəsində bu sahədə arzuolunan nəticələrə nail olmaq mümkündür. Dövlət Gömrük Komitəsi sədrinin müavini belə mühüm tədbirlərin regiondakı mövcud durumun dərindən öyrənilməsində xüsusi əhəmiyyət kəsb etdiyini, bununla da iştirakçı ölkələr arasında əməkdaşlığın daha effektiv və hərtərəfli olacağına əminliyini vurğuladı.

RILO-Moskvanın direktoru Oleq Bakanov təmsil etdiyi qurumun fəaliyyətindən söz açdı. Bildirdi ki, RILO-Moskvanın qarşısında duran əsas vəzifələrdən biri də gömrük sahəsində hüquqi qanun pozuntuları barədə informasiyanın ötürülməsi, yoxlama mexanizmi və realizə edilməsi, analitik işlərin təşkilidir.

İclasın birinci iş günündə “RILO-Moskvanın fəaliyyətinin yekunları barədə”, “ÜGT Katibliyinin regional əlaqələndirmə qovşaqlarının cəlb edilməsi ilə cari və planlaşdırılan təşəbbüsləri”, “RILO-Seulun fəaliyyəti barədə”, “Yaxın Şərq ölkələri üzrə RILO-nun fəaliyyəti barədə”, “Qabaqlayıcı xarakterli hüquq mühafizə məlumatının mübadiləsi məqsədilə CENcomm əməliyyat-kommunikasiya platformasında 24 saatlıq rejimdə fəaliyyət göstərən əlaqələndirmə məntəqələrinin təşkili barədə” və digər mövzularda məruzələr dinlənildi.

Sonra iclasda RILO-Moskvanın CENcomm gömrük əməliyyat-kommunikasiya platforması haqqında Əsasnamə layihəsinin razılaşdırılması, həmçinin RILO-Moskva milli əlaqələndirmə qovşaqları arasında, RILO-Moskva və digər RILO-lar arasında CENcomm şəbəkəsi üzrə qabaqlayıcı xarakterli məlumat mübadiləsinin təşkilinin mümkünlüyünün müzakirəsi aparıldı.

Eyni zamanda, RILO-Ər-Riyad və RILO-Moskva arasında əməkdaşlıq Memorandumu imzalandı.

Sentyabrın 9-da isə iclasda gömrük xidmətlərinin hüquq mühafizə bölmələrinin işində CEN Milli Gömrük Hüquq Mühafizə Şəbəkəsinin tətbiqi və RILO-Moskvanın 2016-cı il üçün iş Planının layihəsinin razılaşdırılması məsələləri müzakirə ediləcək.

Həmin gün iclas yekun qərarların qəbul edilməsi ilə işini başa vuracaq.

736